Rauf AbdullazadeRauf AbdullazadeBiznes analitik
Ana səhifəHaqqındaYazılarXidmətlər
Bloq

Analitik və Strateji inkişaf üzrə mütəxəssis

HaqqımdaYazılarXidmətlər

© 2026 Rauf Abdullazade. Bütün hüquqlar qorunur.

Rauf AbdullazadeRauf AbdullazadeBiznes analitik
Ana səhifəHaqqındaYazılarXidmətlər
Bloq
Məqalə

Digər yazılar

Rauf AbdullazadeRauf AbdullazadeBiznes analitik
Ana səhifəHaqqındaYazılarXidmətlər
Bloq
  1. Ana səhifə
  2. /
  3. Yazılar
  4. /
  5. Daxili Davranış Çərçivələri və Dəyişiklik Qarşısında Psixoloji Müqavimət
Daxili Davranış Çərçivələri və Dəyişiklik Qarşısında Psixoloji Müqavimət
Məqalə

Daxili Davranış Çərçivələri və Dəyişiklik Qarşısında Psixoloji Müqavimət

Psixologiya

Giriş

Bu yazıda insanların niyə dəyişikliyə qarşı çıxdığı, bunun psixoloji səbəbləri və liderlərin dəyişikliyi necə daha asan tətbiq edə biləcəyi izah olunur. Məqsəd, dəyişiklik qarşısındakı reaksiyaların təsadüfi deyil, tamamilə təbii və sistemli olduğunu göstərməkdir.

Daxili davranış qəlibləri necə yaranır?

Hər bir insanın davranışları vaxt keçdikcə formalaşan daxili qaydalar üzərində qurulur. Bunlar vərdişlər, inanclar, keçmiş təcrübələr və ətrafdan öyrəndiklərimizdir. Bu daxili quruluş insana təhlükəsizlik hissi verir və qərar qəbul etməkdə yol göstərir. Məhz bu təhlükəsizlik ehtiyacı səbəbindən insanlar öz davranış qəliblərini dəyişməkdə çətinlik çəkirlər.

Dəyişiklik qarşısında müqavimət

Kənardan gələn bir müdaxilə bu daxili qaydaları pozmağa çalışanda, insanlar avtomatik olaraq müqavimət göstərir. Bu müqavimət inadkarlıq deyil, psixoloji müdafiə mexanizmidir. Dəyişiklik insanın mövcud rahatlığını və sabitliyini təhdid edəndə qorxu yaranır. Bu qorxu şikayət, qəzəb, aqressiya, nifrət və ya passiv müqavimət (etiraz etmədən işləri ləngitmək) kimi çıxa bilər.

Müqavimətin psixoloji mərhələləri

Tədqiqatlar göstərir ki, müqavimət dəyişiklik prosesinin təbii hissəsidir. Proses adətən üç mərhələdən keçir:

1. Rədd etmə - insan yeniliyi qəbul etmir.

2. Qəbul etmə - insan tədricən dəyişikliyə alışmağa başlayır.

3. Daxililəşdirmə - yeni davranış insanın öz daxili sistemi halına gəlir.

Düzgün idarə olunan dəyişikliklərdə ilkin müqavimət zamanla azalır və qəbul mərhələsinə keçilir.

Liderlik və yeni davranış qəlibləri yaratmaq

Liderlərin əsas vəzifələrindən biri yeni davranış qaydaları yaratmaq və bunun zamanla “normal” hala gəlməsini təmin etməkdir. Burada ən vacib məqam: müqavimət anında liderin öz mövqeyini qorumasıdır. Yeni qayda müəyyən edildikdən sonra, insanların emosional reaksiyalarından asılı olmayaraq, bu qayda ardıcıl şəkildə tətbiq olunmalıdır. Davamlılıq insanların köhnə vərdişlərə qayıtmaq imkanını azaldır və yeni vəziyyətə uyğunlaşmanı sürətləndirir.

Davamlı təmas və alışma prosesi

İnsan yeni qayda ilə nə qədər çox qarşılaşsa, ilkin emosional reaksiyalar bir o qədər zəifləyir. Əgər bu mərhələdə lider geri çəkilməzsə, müqavimət azalır və insan yeni davranışı qəbul etmək məcburiyyətində qalır. Əsas qayda budur: insan tamamilə uyğunlaşana qədər ona köhnə qaydalara qayıtmağa imkan verməmək.

Nəticə

Dəyişiklik əvvəlcə qorxu və müqavimət yaradır, lakin ardıcıl və düzgün idarə olunarsa, bu müqavimət zamanla qəbul və hətta sadiqliyə çevrilə bilər. Uğurlu liderlər insanların əvvəlcə dəyişikliyə qarşı çıxacağını bilən, lakin prosesi əldən verməyərək onları dəyişikliyin tərəfdarına çevirən şəxslərdir.

Paylaş

Digər yazılar

Psixoloji Sabitlik, Şəxsiyyətin Kimlikəri və Özgüvən haqqındaUnknown

Psixoloji Sabitlik, Şəxsiyyətin Kimlikəri və Özgüvən haqqında

Bu yazının məqsədi insan davranışlarında müşahidə olunan situativ dəyişkənliyin psixoloji əsaslarını izah etmək, şəxsiyyətin çoxqatlı strukturu ilə davranış sabitliyi arasındakı əlaqəni elmi çərçivədə təhlil etmək və fərdin situasiyalara uyğun davranış performansını necə artıra biləcəyini nəzəri və praktik baxımdan ortaya qoymaqdır. Yazı, fərdin müxtəlif şəraitlərdə niyə fərqli reaksiyalar verdiyini açıqlamaqla yanaşı, şəxsiyyət kimliyinin şüurlu şəkildə müəyyənləşdirilməsinin özgüvən, qərarvermə və sosial effektivlik üzərindəki təsirini izah etməyi hədəfləyir.

Giriş

İnsan davranışlarının sabit olmaması və müxtəlif situasiyalarda fərqli reaksiyalarla ortaya çıxması psixologiya və sosial davranış elmlərinin əsas tədqiqat mövzularından biridir. Eyni fərdin bir şəraitdə yüksək özgüvənli, enerjili və qərarlı, başqa bir şəraitdə isə tərəddüdlü və passiv davranması zahirdə paradoksal görünsə də, bu hal insan psixikasının çoxqatlı strukturu ilə birbaşa əlaqəlidir.

Psixoanalitik yanaşmalar və müasir şəxsiyyət nəzəriyyələri göstərir ki, insan tək, vahid bir şəxsiyyətdən ibarət deyil; əksinə, müxtəlif kontekstlərdə aktivləşən daxili “kimliklər” sisteminə malikdir.

Problemin İzahı

Empirik müşahidələr göstərir ki, insanlar müəyyən situasiyalarda olduqca funksional və effektiv davranış nümayiş etdirir, lakin başqa hallarda qərarsızlıq və davranış keyfiyyətinin azalması ilə üzləşirlər. Bu dəyişkənliyin əsas səbəblərindən biri, fərdin hansı şəxsiyyət rolunda hərəkət etdiyini dəqiq müəyyənləşdirə bilməməsidir.

Fərd eyni anda bir neçə daxili şəxsiyyət parçasını aktiv saxlamağa çalışdıqda, psixoloji fokus pozulur. Nəticədə davranışlar nə tam uyğunlaşmış, nə də məqsədyönlü olur. Bu vəziyyət metaforik olaraq “tozlu və dumanlı” bir psixoloji sahə yaradır: enerji bölünür, diqqət dağılır və performans aşağı düşür.

Şəxsiyyətin Dəqiqləşdirilməsi və Özgüvən Arasındakı Əlaqə

Davranış sabitliyinin və özgüvənin əsas şərtlərindən biri, fərdin situasiya daxilində hansı kimlik çərçivəsində fəaliyyət göstərdiyini şüurlu şəkildə bilməsidir. Şəxsiyyət çərçivəsi dəqiqləşdikcə, davranışlarda ardıcıllıq və daxili uyğunluq yaranır.

Sadə ifadə ilə desək, “hansı rolda olduğunu bilmək” insanın psixoloji resurslarını bir mərkəzdə cəmləyir. Bu cəmləşmə isə avtomatik olaraq özgüvən hissini gücləndirir və qərarvermə prosesini sürətləndirir.

Praktik Nümunə

Məsələn, təsəvvür edin ki, adi bir gəzinti zamanı özünüzü gizli bir agent kimi təsəvvür edirsiniz və konkret bir hədəfi müşahidə edirsiniz. Bu rol beyninizdə aktivləşdiyi anda duruşunuz, baxışlarınız, hərəkət ritminiz və diqqət səviyyəniz dəyişir.

Bu mexanizm təsadüfi deyil. Beyin seçilmiş rolun davranış modelini avtomatik şəkildə işə salır. Eyni yanaşmanı iş görüşmələrində, ictimai çıxışlarda, satış proseslərində və ya liderlik mövqelərində tətbiq etmək mümkündür. Burada əsas məsələ rolun təsadüfi deyil, bilincli şəkildə seçilməsidir.

Nəticə

Fərdin situasiyalara uyğun kimliyi şüurlu şəkildə seçməsi yalnız davranış keyfiyyətini artırmır, eyni zamanda daxili psixoloji enerjinin dağılmasının qarşısını alır. Şəxsiyyətin formalaşdırılması və dəqiqləşdirilməsi prosesi psixoloji stabillik, sosial effektivlik və peşəkar performans baxımından fundamental əhəmiyyət daşıyır.

Davam et
Nüfuzun gücüUnknown

Nüfuzun gücü

Giriş

Bu yazının məqsədi insanla insan arasındakı nüfuzun nə olduğunu, hansı mexanizmlərlə formalaşdığını və gündəlik həyatımızda hansı rolları oynadığını izah etməkdir. Məqalə boyunca anlayışı hisslərə deyil, səbəb-nəticə əlaqələrinə söykənərək izah edəcəyik ki, oxucu nüfuzu sadəcə “təsir” kimi deyil, idarə olunan bir proses kimi dərk edə bilsin.

“Nüfuz” ərəb mənşəli söz olub “keçmək”, “daxilə işləmək” mənalarını verir. Latın dilindəki influare “içəri axmaq”, ingilis dilindəki influence isə “təsir göstərmək” anlamını daşıyır. Bu etimoloji mənalar bizə göstərir ki, nüfuz sadəcə kənardan edilən bir təsir deyil, bir şeyin digərinin daxilinə axaraq onun daxili mexanizmlərinə toxunmasıdır.

Buradan belə bir sual yaranır: Nüfuz nədir və necə var olur?

Şüurlu nüfuz nədir?

Şüurlu nüfuz bir iradənin digər iradənin təsirinə düşməsi deyil, onunla eyni istiqamətdə axmağa başlamasıdır. Bu prosesdə təsir edən tərəf qarşı tərəfin qərar mexanizminə daxil olur və onu yönləndirə bilir. Nüfuz iradənin seçimlərinə təsir göstərir və zamanla bu seçimləri formalaşdıran əsas amillərdən birinə çevrilir.

Vacib bir məqamı ayırd etmək lazımdır: hər təsir nüfuz deyil. Təsir ani ola bilər, nüfuz isə davamlı və dərin xarakter daşıyır.

Şüurlu nüfuzun mövcud olması üçün eyni anda üç əsas elementin bir arada olması vacibdir:

1. Cism

2. Yol

3. Məruz qalma

Bu üç elementdən hər hansı biri olmadıqda nüfuz ya zəifləyir, ya da ümumiyyətlə formalaşmır.

Cism-nüfuzun mənbəyi

Cism nüfuzun qaynaqlandığı mənbədir. Bu bir insan, ideya, fikir sistemi, davranış modeli və ya simvol ola bilər. Cismin əsas xüsusiyyəti onun iradəyə sahib olması və ya iradəni təmsil etməsidir.

Şüuru olmayan obyektlər təsir edə bilər, lakin nüfuz yarada bilməz. Nüfuzun yaranması üçün təsirə məruz qalan iradə qarşı tərəfin iradəsini öz dəyərlərindən üstün və ya ən azı daha doğru qəbul etməlidir. Yəni nüfuz həmişə inanc və qiymətləndirmə mexanizmi üzərindən qurulur.

Yol-nüfuzun ötürülmə kanalı

Yol iradələr arasında qurulan əlaqədir. Bu əlaqə ortaq dəyərlər, inanclar, məqsədlər və ya həyat baxışları vasitəsilə formalaşır. Yol nə qədər aydın, fasiləsiz və güclüdürsə, nüfuz da bir o qədər stabil olur.

Əgər yol yoxdursa, cism nə qədər güclü olsa da nüfuz ötürülə bilməz. İradə yalnız özünə yaxın olan, tanış gələn və mənəvi uyğunluq hiss etdiyi mənbədən gələn təsiri sorğulamadan qəbul edir.

Məruz qalma-nüfuzun aktivləşməsi

Məruz qalma qarşı tərəfin bu təsirə açıq olmasıdır. Bu açıq olma könüllü də ola bilər, qeyri-könüllü də. İnsan bir fikrə, bir davranış modelinə və ya bir şəxsə davamlı məruz qaldıqda, zamanla həmin nüfuz onun qərar mexanizminə daxil olur.

Məruz qalma davamlılıq qazandıqda nüfuz artıq xarici təsir olmur, daxili səsə çevrilir.

Bu mexanizmi daha aydın başa düşmək üçün bir nümunəyə baxaq.

e ə. V əsrdə Afina şəhəri hərbi gücü, demokratiyası və fəlsəfəsi ilə Yunan dünyasının mərkəzi idi. Şəhərdə qanunlar vardı, müəllimlər vardı, natiqlər vardı. Lakin bu qurulmuş sistemin içində səssiz, vəzifəsiz, yazılı əsəri olmayan bir insan dolaşırdı: Sokrat.

Sokrat nə sərkərdə idi, nə siyasətçi, nə də rəsmi müəllim. Onun əlində nə qanun vardı, nə kürsü, halbuki Afina gəncliyinin düşüncə tərzi yavaş-yavaş onun sözləri ilə dəyişirdi.

Cism: Sokrat və insanlar

Sokrat nüfuzun cismini təşkil edirdi. O, sadəcə fikir deyən biri deyildi; düşünməyə məcbur edən iradə idi. Sokrat özünü “bilən” kimi təqdim etmirdi. Əksinə, “bilmədiyini bilən” mövqedə dayanırdı. Bu mövqe onu gənclərin gözündə fərqli və etibarlı edirdi.

Onun əsas gücü vəzifədə yox, mənəvi mövqedə idi.

Yol: ortaq dəyərlər  və düşüncələr üzərindən qurulan bağ

Afina gəncliyi cəsarətli, sorğulayan və azad düşüncəyə meyilli idi. Sokrat da məhz bu dəyərlər üzərindən onlarla ünsiyyət qururdu. O, gənclərlə mübahisə etmir, onlara nəsihət vermirdi. Suallar verirdi.

Bu suallar gənclərin içində artıq mövcud olan şübhə və axtarış hissi ilə üst-üstə düşürdü. Beləcə Sokratla gənclər arasında görünməz, lakin güclü bir yol formalaşdı.

Məruz qalma: davamlı və könüllü təsir

Sokrat dərs demirdi, halbuki hər gün Agora meydanında idi. Gənclər onu könüllü olaraq dinləyir, onunla danışır, suallarına cavab axtarırdı. Bu davamlı məruz qalma nəticəsində Sokratın sual vermə tərzi onların düşüncə mexanizminə çevrildi.

Artıq gənclər təkcə Sokratla danışanda yox, öz-özlərinə də onun kimi soruşmağa başlamışdılar. Beləliklə Sokrat insanlar üzərində nüfuz yaratmışdı. Şəxslərin sayı çoxaldıqdan sonra təhlükə olaraq qəbul edilib, edam edilmişdi.

Tarixi mənbələrdə böyük və idarəedilən kütlələrə aid misallar həddən artıq çoxdur.

Növbəti yazılarda Nüfuzun qəlibləri və insanın nüfuza məruz qaldıqdan sonra həmin qəlibdəki hərəkətləri, nüfuzun liderliyə çevrilməsi ilə bağlı düşüncələrimizi anlatmağa çalışacağıq.

Davam et
Eyni Hüquq və Səlahiyyətli Şəxslər Arasında Liderliyin Yaranması haqqındaUnknown

Eyni Hüquq və Səlahiyyətli Şəxslər Arasında Liderliyin Yaranması haqqında

Giriş

Bu məqalənin məqsədi eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderliyin necə formalaşdığını və bu liderliyin hansı mexanizmlə idarəetməyə çevrildiyini izah etməkdir. Bu hallar əvvəldən yaradılmış nüfuzun olmadığı halları əhatə edir.

Hərəkət və yekun anlayışı

Əvvəlki yanaşmalarımda göstərilmişdir ki, iradə hərəkətləri yekuna doğru “bükür” (“Hərəkət və yekun” məqaləmə göz ata bilərsiniz). Bu nə deməkdir?

Hərəkət özlüyündə neytraldır. O, yalnız müəyyən nəticəyə istiqamətləndirildikdə məna qazanır. Yekuna bükülmə prosesi yaradıcılığın təməlidir. Çünki yaradıcılıq (“Yaradıcılıq haqqında” məqaləmə göz gəzdirə bilərsiniz) yeni bir nəticənin şüurlu şəkildə formalaşdırılmasıdır.

İradə burada iki əsas funksiya yerinə yetirir:

1.Hərəkətə qərar verir.

2.Hərəkətin istiqamətini müəyyən edir.

Qərarsızlıq da əslində qərardır. Çünki qərar verməmək mövcud vəziyyətin davamına razılıq deməkdir. Yekunu əvvəlcədən təsəvvür etməyən iradə istiqamət yarada bilməz. Əgər son nəticə bilinmirsə, hərəkətlər arasında əlaqə qırılır, fəaliyyət parçalanır, kollektiv davranış xaotik xarakter alır. Bilinməməzlik insanları qeyri-müəyyənlik vəziyyətinə salır. Qeyri-müəyyənlik isə ya passivlik, ya da sistemsiz aktivlik yaradır. Hər iki halda effektiv nəticə formalaşmır.

Eyni səlahiyyətli şəxslər arasında fərqlənmə

Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında formal iyerarxiya mövcud olmaya bilər. Lakin mövcud vəziyyəti düzgün qiymətləndirən, son nəticəni (yekun) əvvəlcədən təsəvvür edə bilən şəxs (məsuliyyətin qəbul edilməsi şəxsin fərdi ünsiyyətlərində etiraz yaratmadığı hallarda) aşağıdakı üstünlüklərə malik olur:

1.İstiqaməti müəyyən edə bilir.

2.Hərəkətləri əlaqələndirə bilir.

3.Qərarların məntiqini izah edə bilir.

Bu mərhələdə liderlik yaranır. Liderlik burada təyinatdan doğmur, o, istiqaməti görmək və onu ifadə etmək qabiliyyətindən doğur. Digər şəxslər son nəticəni aydın görmədikdə, onu görə bilən şəxsə yönəlirlər. Bu yönəlmə məcburi deyil, rasional seçimdir. Çünki qeyri-müəyyənlik şəraitində istiqamət aydınlıq yaradır.

Beləliklə:

İnformasiya üstünlüyü → istiqamət

İstiqamət → təsir 

Təsir → liderlik

Liderlik burada təsir (“Nüfuzun gücü” məqaləmə göz gəzdirin) mexanizmi kimi formalaşır. Əgər lider yalnız istiqamət göstərirsə, proses hələ şəxsi təsir səviyyəsində qalır, lakin rol bölgüsü aparıldıqda, məsuliyyət çərçivələri müəyyən edildikdə, qərar mexanizmləri sistemləşdirildikdə idarəetmə yaranır. Bu mərhələdə artıq təsir strukturlaşır.
Nəticə

Eyni hüquq və səlahiyyətə malik şəxslər arasında liderlik formal statusdan deyil, nəticəni görmək və hərəkətləri həmin nəticəyə uyğun qərarlaşdırmaq bacarığından yaranır. İradə hərəkətləri yekuna bükür >> Yekunu görə bilən şəxs istiqamət yaradır >> İstiqamət liderliyi formalaşdırır >> Məsuliyyətin strukturlaşması isə idarəetməni meydana gətirir.

Beləliklə,  məcburi yaranan iş (Hərəkətin A-dan B-ə bükülmə ehtiyacı) zamanı məsuliyyətin götürülərək yekunu görə bilmə bacarığı liderliyi yaradır, bunu sistemləşdirən şəxs isə artıq idarəetməni təşkil edir. İdaəetmənin və qərar mexanizmlərinin möhkəmləndirilməsi ilə bağlı səlahiyyət, məsuliyyət, nüfuz, hakimiyyət çərçivələrindən növbəti mövzularda danışacağıq. Bu müşahidələrimin əsas təməli əsgərlik mühitindəki qeydlərim, bəzi ictimai qruplarda etdiyim təcrübələr formalaşdırmışdır.

Davam et